Havard Qardner dərketmənin
ən azı 8 üsulunun mövcud olduğunu göstərmişdir:
linqvistik, riyazi-məntiqi, vizual-məkan, kinestetik,
fərdlərarası, fərddaxili,
musiqi-ritmik,
naturalist.
O, bunları həm də insanda mövcud olan qabiliyyətlər hesab edir.
İnsan bu qabiliyyətlərin hamısına az və ya çox dərəcədə
sahibdir. Lakin bunlardan hansısa daha inkişaf etmiş olur və bu qabiliyyətin
aşkarlanması, onun daha da inkişaf etdirilməsi, imkanlarından istifadə edilməsi
biliklərin mənimsənilməsini, yaddaşda daha uzun müddət saxlanılmasını təmin
edir.
Sagirdlərin intellekt qabiliyyətlərinin müəyyənləşdirilməsi
müəllimin yüksək pedeqoqluq bacarığı nəticəsində mümkündür. Uzunmüddətli
müşahidələr, şagirdlərin özləri və valideynləri ilə söhbətlər, tapşırıqlar,
testlər əsasında şagirdin hansı qabiliyyətə malik olduğunu müəyyənləşdirmək və
bunun əsasında da hansı dərketmə üsulunun faydalı olacağını meydana çıxartmaq
mümkündür.
Şagirdin hansı qabiliyyətə malik olmasından asılı olmayaraq,
dərs prosesinin aktiv həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Nə müəllim
tərəfindən biliklərin şagirdin beyninə doldurulması, nə də təkbaşına öyrənmə
biliyin uzun müddət yaddaşda saxlanmasına zəmanət vermir. Dərs prosesində
biliyin aktiv şəkildə mənimsənilməsi sanki onun öyrənən tərəfindən yenidən kəşf
olunması, yaradılmasıdır. Bu cür əldə olunan bilik uzunmüddətli yaddaşda
saxlanılır.
Bu prosesin həyata keçirilməsi kurikulumların təbiətdən irəli
gələn metod və iş formalarının düzgün seçilməsi nəticəsində mümkün olur.
Qardnerin “Çoxintellektlilik” nəzəriyyəsinin təlimdə tətbiqi zamanı istər iş
üsullarının, istərsə də iş formalarının seçilməsi kortəbii olmur, dərketmə
üsullarının müəyyənləşdirilməsi nəticəsində şəxsin fərdi xüsusiyətlərinin də
nəzərə alınması ilə müşayiət edilir. Bu zaman əgər müəllim kiçik qruplarla iş
formasını seçibsə, şagirdlər təsadüfi qruplarda yox, müəllimin şagirdin
dərketmə üsuluna əsasən müəyyənləşdirdiyi qruplarda birləşirlər. Qruplara
verilən tapşırıqlar da oxşar qabiliyyətlərə malik şagirdlərin maraq və
ehtiyacları nəzərə alınmaqla tərtib edilir.
Ədəbiyyat dərslərində həm məzmun üzərində işi, həm də əsərlərin
təhlilini “Çoxintellektlilik” nəzəriyyəsinə əsaslanaraq aparmaq lazımi səmərə
verir. V sinifdə öyrədilən Amerika yazıçısı Cek Londonun “Kiş haqqında hekayə”
əsərinin təhlili zamanı intellekt qabiliyyətlərinə görə seçilərək təşkil
olunmuş qruplara verilən tapşırıqlarda bunu izləmək olar.
Linqvistik qabiliyyəti inkişaf etmiş insanlar kəlmə oyunlarını
sevir, tanış olmayan sözlərin mənasını öyrənməyə, onlardan nitqində istifadə
etməyə meyilli olur, oxuduqlarını və eşitdiklərini öyrənmək üçün suallar
verməkdən zövq alırlar. Ən sevdiyi məşğuliyyətlər müxtəlif hekayələr,
əhvalatlar uydurmaqdır. Linqvistik qabiliyyəti güclü olan şagirdlər dil və
ədəbiyyat dərslərində daha çox uğur əldə edirlər. Ədəbi əsərlərin təhlili
zamanı belə şagirdlərdən təşkil olunmuş qrupa esse tipli tapşırıqların
verilməsi daha məqsədəuyğundur. Yuxarıda adı çəkilən hekayə ilə bağlı belə bir
esse yazmağı tapşırmaq olar: “Ayı ovçusu kimi məşhurlaşmış Kiş bir gün anası
ölmüş iki ayı balası ilə rastlaşdı…” Belə bir cümlə ilə başlayan essenin
yazılması bir tərəfdən Kişin daha yaxından başa düşməyə kömək edirsə, digər
tərəfdən də fərziyyələr vasitəsilə obrazın xarakterinin görünməyən tərəfləri
barədə mülahizələr irəli sürməyə imkan yaradır.
Riyazi-məntiqi qabiliyyəti güclü olanlar hadisə
və ya əşyalar arasında bağlılığı tapır, səbəb-nəticə əlaqəsini asanlıqla
müəyyənləşdirir, nəzəriyyələr irəli sürürlər. Belə şagirdlər informasiyanın
parçaları arasında əlaqə qurmaq və bu əlaqələri riyazi fiqurlar, sxemlərlə
ifadə etmək bacarığına sahib olduqları üçün hekayələr xəritəsi vasitəsilə əsər
haqqında ətraflı təsəvvür yaratmağa nail ola bilərlər.
Cədvəl 1
Vizual-məkan qabiliyyəti üstün olan insanlar
rəsmlər, şəkillər və cizgilərlə düşünür, xəyalında gördükləri rəsmləri sözə
çevirə bilirlər. Həmçinin dinlədiklərinin beyində rəsmini qurur, öyrəndikləri
məlumatları xatırlamaq üçün bu rəsmlərdən istifadə edirlər. “Kişin yaşadığı
yerləri elə təsvir edin ki, sanki rəsmini çəkirsiniz”, “Kişin xarakterinin ən
çox aşkarlandığı səhnənin rəsmini çəkin” tipli tapşırıqların verilməsində
məqsəd hekayədəki insanların xarakterindəki sərtliyin, amansızlığın, təbiətin
sərtliyi ilə birbaşa əlaqəli olmasını aşkara çıxarmaqdır. Rəsm çəkmək belə
şagirdlərin sevdikləri iş olduğundan bu tapşırıq onların düşünmə prosesindəki
fəaliyyətini stimullaşdırır, eyni zamanda Kişin xarakterinin daha yaxından
aydınlaşdırılmasına imkan verir.
Kinestetik qabiliyyət insana hərəkət, jest və mimikalar vasitəsilə
özünü ifadə etmək imkanı verir. Belə insanlar obyektlərə toxunmağa, daim
hərəkətdə olmağa, rəqs etməyə meyillidirlər. Onları daha çox düşünməyi, təhlil
etməyi tələb edən sahələrə yönəltmək müəllim üçün çətinlik yaradır. Lakin belə
şagirdlərin zəka ilə bədənin harmoniyasına nail ola bilmək bacarıqlarından
istifadə edərək onların imkanlarını hərəkətli səhnəciklərdə reallaşdırmaq
lazımdır. Məsələn, belə bir tapşırığın verilməsi məqsədəuyğun ola bilər: “Kiş
və qəbilə üzvlərinin xarakterlərinin daha güclü üzə çıxdığı bir epizodda
onların rollarını canlandırın”. Bu tapşırıq Kiş və qəbilə üzvlərinin
xarakterinin modelləşmə əsasında təhlilinə, onların canlı müqayisəsinə imkan
yaradır.
Fərdlərarası qabiliyyətə sahib olanlar qrup
içində çalışmağı, digər insanlarla ünsiyyət qurmağı, dinləməyi və danışmağı
sevirlər. Özünü başqalarının yerinə qoymaq, onları anlaya bilmək,
ətrafındakıları inandırmaq bacarığına malikdirlər. Belə şagirdlərə verilən “Kiş
Kloş-Kvanın daxmasında olarkən mən orada olsa idim, nə edərdim? Onlara nə
deyərdim?” sualı bir tərəfdən əsərdəki obrazlara münasibətdə obyektivliyi
qorumağa imkan verirsə, digər tətəfdən də şagirdlərin yetişməkdə olan
şəxsiyyətlər kimi cəmiyyətdə mövcud olan sosial baxışlara münasibətini
formalaşdırır.
Fərddaxili qabiliyyəti güclü olan insanlar tənha çalışmaqdan zövq
alırlar, azadlığa meyillidirlər, cəmiyyətdən kənar qalmağa üstünlük verirlər.
Qarşılarına hədəflər qoymağı, xəyallar qurmağı sevirlər, hər şeydə özlərindən
bir parça tapmağa çalışırlar. Obrazların təhlili zamanı onların bu
xüsusiyyətindən istifadə etmək lazımdır. “Mən Kişin yerində olsa idim, nə hiss
edərdim?
Haqqım tapdananda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Qəbilə üzvlərinə qarşı çıxanda…
Ayıları ovlayanda…” kimi suallarla qarşılaşan şagird problemə
kənardan yox, daxildən yaxınlaşa bilir.
Musiqi-ritmik qabiliyyətə sahib olanlar səslər
və ritmlərlə düşünür, özləri də ritmlər yaradırlar. Hər bir şeydə musiqi, ritm
axtarırlar. “Kişin cəsarətini ifadə edən şeir yazmağa, onu ritmlə oxumağa
çalışın” tapşırığı ilə baş qəhrəmanın xarakterinin müxtəlif cizgilərinin və
bununla da əsərin ideyasının müəyyənləşdirilməsinə nail olmaq mümkündür.
Naturalist qabiliyyəti güclü olan insanlar təbiətdəki canlıları
tanımağa, canlıların yaradılışları haqqında düşünməyə meyillidirlər. Təbiətin
insan üzərində, ya da insanın təbiət üzərindəki təsirini araşdırır, “heyvanlar
nələr düşünür, nələr hiss edirlər” kimi suallar ətrafında düşünürlər.
Naturalist qabiliyyətə malik şagirdlər üçün “Ayıların ovlanması barədə nə
düşünürəm?” tipli suallar çox əhəmiyyətlidir. Belə suallar əsərə və obrazlara
müxtəlif yönlərdən yanaşmağa imkan verir.
Qruplar təşkil edilərkən bəzi şərtləri: dərsin xüsusiyyətini,
hər hansı bir zəka tipinə uyğun gələn şagird sayının məhdudluğunu nəzərə alaraq
bəzi zəka tiplərinə malik şagirdləri bir qrupda da birləşdirmək mümkündür.
Linqvistik və musiqi-ritmik, vizual-məkan və naturalist qabiliyyətləri daha
inkişaf etmiş olan şagirdləri bir qrupda birləşdirmək məqsədəuyğun sayıla
bilər.
0 yorum:
Yorum Gönder